AZE | RUS | ENG |

Liberal bazar, yoxsa çörəkdən də “yun qırxmaq” fürsəti?

Liberal bazar, yoxsa çörəkdən də “yun qırxmaq” fürsəti?
Mütəxəssis deyir ki, istehlakçı hər hansı çörək növünün nəyə görə baha satıldığının səbəbini bilməlidir

Çörək hər bir azərbaycanlının evində müqəddəs hesab olunub, bərəkət simvolu sayılıb. "Çörəyə haram qatma” da deyiblər müdriklər. Amma zaman o zamandır ki, artıq çörək biznes, alver predmetidir. Özü də gəlirli biznes. İndi belə demək olarsa, çörəyin o müqəddəsliyi qazanc istəyinə, liberal bazar iqtisadiyyatına qurban verilib. İndi bəzi işbazlar nəinki yumurtadan, hətta çörəkdən də "yun qırxırlar”. 

Bakıda böyük marketlərin sayı gündən-günə artır. Bu marketlərin hər birinin nəzdində çörək sexləri də fəaliyyət göstərir. Müştərinin rahatlığını təmin etmək üçün yaxşı ideyadır. Amma əgər bu sexlərdə bişirilən çörək vasitəsilə müştərinin cibinə girirlərsə... Bu sexlərdə bişirilən çörəklərin çəkisi heç 250 qram da olmur. Belə çörəklər nə qatırlarsa, şişmiş formada olur. Alırsan, kəsirsən və məlum olur ki, şişkinlik, sadəcə, havadır. Çəkisi az olan bu çörəklər isə olduqca baha qiymətə satılır. Məsələn, adi 500 qramlıq zavod çörəyi 40 qəpikdirsə, marketlərdə eyni undan hazırlanan 250 qramlıq çörəklər 65-70 qəpiyə satılır. Bəzən belə çörəklərin üzərinə küncüt toxumu səpib 1,5 manata satan marketlər də var. Burda sual yaranır ki, un həmin undursa, çəki də azdırsa, onda bu çörəklərin qiymətini belə baha edən nədir? Ümumiyyətlə, hər kəs bişirdiyi çörəyi istədiyi qiymətə sata bilərmi? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, dövlət tərəfindən qiyməti tənzimlənməyən malı istənilən qiymətə satmaq olar. Bununla bağlı hər hansı qadağa yoxdur: "Azad bazar iqtisadiyyatıdır, istənilən malı istənilən qiymətə satmaq olar. Söhbət dövlət tərəfindən qiyməti tənzimlənməyən maldan gedir. Qiymət liberaldır. İstehlakçı seçim etməli, sərfəli olanı almalıdır. Dövlət buna müdaxilə edə bilməz”.

E.Hüseynovun sözlərinə görə, əgər məhsul dəyərindən daha baha qiymətə təklif olunursa, deməli, tələb çoxdur: "Görünür, istehlakçı tələbi var. Bazar bu cür işləyir, tələb varsa, təklif meydana çıxacaq. Tələb çox olanda, qiymət artır, az olanda aşağı düşür. Hamısı bazarın aksiomlarıdır”.

Qida mühəndisi İsa Əliyev bildirdi ki, bütün dünyada çörəklər kateqoriyalara bölünür və bu sinifləşdirməyə görə qiymətlər də fərqli olur: "Çörəklərin hamısı eyni olmur. Məsələn, tam buğda çörəyi dediyimiz növü var. Onun qiyməti fərqli olur. Avropada insanlar çörək alarkən üzərinə baxaraq hansı kateqoriyada olduğunu və qiymətinin də nəyə görə elə təyin edildiyini bilirlər. Bu gün bazarda 7-8 manata da çörək var. Məlumatı olmayan adam deyə bilər ki, çörək niyə bu qiymətə satılsın ki? Amma diqqət etsəniz, görərsiniz ki, o çörəklərin üstünə qlütensiz olduğu yazılıb. Bu çölyak xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulan bir çörəkdir. Bu xəstəliyi olanlar çörək yedikdən sonra mədələrində ağırlıq, narahatlıq hiss edirlər. Çox insan buna bir ad verə bilmir, çünki nə olduğu haqqında məlumatsızdırlar. Qlütenin normal sağlam insan üçün heç bir problemi yoxdur. Ancaq adi çörəklərin tərkibində olan qlüten onlara narahatlıq verir. Çölyak xəstəliyi olanlar üçün isə qlütensiz çörəklər hazırlanır. Bu xəstəlik dünyada da var, Azərbaycanda, Qafqaz ölkələrində də geniş yayılıb. Yəni qlütensiz olduğu üçün o çörəklərin qiyməti bahadır. Düzdür, bizdə o çörəklər baha qiymətə satılır. Səbəb də odur ki, Azərbaycanda bu cür çörəklər bişirilmir. Bir zamanlar bir firma bişirirdi, ancaq sonra bunu etmədilər. O çörəklər bizə Avropadan gəlir, ona görə, qiymətinin baha olması da təbiidir. Yerli istehsalçı olsaydı, bəlkə də o çörəklərin də qiyməti o qədər baha olmazdı”.

İ.Əliyev deyir ki, çörəklərin hər birinin sinifləşdirməsinin olduğunu və qiymətlərin də buna görə dəyişdiyini istehlakçıya çatdırmaq lazımdır: "Yetər ki, onu müştəriyə, istehlakçıya çatdıra bilsinlər. Yəni istehlakçı hər hansı çörək növünün nəyə görə baha satıldığının səbəbini bilməlidir. Bu cəhətdən məlumatlandırma bizdə zəifdir”.

İ.Əliyevin sözlərinə görə, qida sənayesində əslində, bu cür qiymət fərqlərinin olması normaldır: "Qida sənayesində olan bütün məhsullar üçün keçərli olan bir qayda var. Məsələn, pendir almaq istəyirsiniz. Müxtəlif qiymətə olanları görürsünüz. Belə baxanda, hamısı ağ pendirdir. Yaxud kərə yağları bölməsində 4 manata kərə yağı var, 15-20 manata da. Çörəklərdə də eyni şəkildə. Baxırsan ki, hər iki çörək ağdır, amma qiymətləri fərqlidir. Bəzən çörəklərə rəngləndiricilər qataraq, elə bir rəng tuturlar ki, müştəri buğda çörəyi olduğunu düşünür. Halbuki onun içinə kakao və ya kofe qarışdıra, rəngi almaq üçün qida boyasından istifadə edə bilirlər. Müştəri də baxır ki, bunun rəngi baha olanla eynidir, deyir ki, niyə o birini baha qoyurlar?”

Bəs müştəri necə əmin olsun ki, baha qiymətə təklif olunan məhsul həqiqətən də keyfiyyətlidir? İ.Əliyev deyir ki, bu, artıq sual altında olan məsələdir: "Bunun cavabını müştəri, onu istehlak edənlər istifadə etdikcə verə bilərlər. Yaxud da ki, laboratoriyada keyfiyyətini müəyyənləşdirmək olar”.

İ.Əliyev qeyd etdi ki, bəzən eyni keyfiyyətdə olan məhsulun fərqli qiymətə təklif olunması halı da yaşanır. Bu isə artıq marketinq taktikasıdır: "Qiymət məsələsi bəzən marketinq hiyləsi də olur. Məsələn, bir məhsulun paketlənməsini daha yaxşı edib, daha baha qiymətə sata bilirlər. Bu da mümkün variantlardandır”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.884
GEL 1 1 Gürcüstan larisi 0.5797
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0603
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.73
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2966